Sıravi Vüqar Mirzəbala oğlu Niftullayev 16 noyabr 1973-cü il tarixdə Cəlilabad rayonunun Şəhriyar kəndində dünyaya göz açıb. Mirzəbala kişinin və Mərviyyə ananın böyüdüb tərbiyə etdikləri on övladından biri idi Vüqar. Orta təhsilini doğma Şəhriyar kənd orta məktəbində alıb. Oxuduğu sinifin əlaçı şagirdlərindən olan Vüqarın, humanitar elmlərlə yanaşı, texnikİ elmlərə də böyük marağı vardı. Bilik və bacarığı ilə diqqəti cəlb edən bu yeniyetmənin gələcəyinə müəllimləri də böyük ümidlə baxırdılar. Kim bilir, bəlkə də Vüqar gələcəyin tanınmış ziyalısı, elm, mədəniyyət xadimi olacaqdı? Lakin, mənfur qonşularımızın torpaqlarımıza yenidən başlayan məlum təcavüzü, bunun nəticəsində baş verən amansız müharibə bir çox gənclərimiz kimi, bu igidin də həyatını yarımçıq qoydu...     
1992-ci il. Bu ildə xalqımızın başına çox faciələr, çox müsibətlər gəldi... 1992-ci il Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri kimi yazıldı... Əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı baş verdi...
Vətənimizin ürəyinə xəncər tək sancılan və hələ də sağalmayan Şuşa, Laçın yaraları məhz bu ildə közərməyə başladı...

Vətənimizin belə ağır, belə müsibətli günlərində - 27 aprel 1992-ci il tarixdə Vüqar  Cəlilabad RHK tərəfindən hərbi xidmətə çağırılır. Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu olan V.Niftullayev Vətənə olan müqəddəs borcunu torpaqlarımızın müdafiəsində dayanmaqla yerinə yetirməyə başlayır.
Hərbi qulluqçumuzun şərəfli ömür yolu barədə xanım ziyalımız, jurnalist Solmaz Məmmədovanın Cəlilabad şəhidlərindən bəhs edən və 2001-ci ildə Bakıda nəşr olunan “Xatırla məni” adlı kitabında rast gəlmək olar. Müəllifin kitabda yer alan “On uşaqdan biri” başlıqlı məqaləsini məhz sıravi V.Niftullayevin həyat və döyüş yoluna bəhs edib. Məqalədə ən təsiredici məqamlardan biri isə şəhid atası Mirzəbala kişinin Vətənin müdafiəsinə yollanan oğluna verdiyi xeyr-duasıdır:                
“Bu ocaqdan heç vaxt naxələf oğul çıxmayıb. Vaxtilə İkinci Dünya müharibəsindən sinəsi orden və medallarla qayıdan Fətulla əminin döyüş yolu sənin üçün numunə, məktəb olmalıdır. Gün o gün olsun ki, evə qələbə müjdəsi ilə qayıdasan...”.

Vüqarın döyüş yolu qısa olsa da, qəhrəmanlıq nümunələri ilə zəngin olmuşdur. Ata və anasının xeyir-duasını alan cəsur döyüşçü, andına sadiq qalaraq Vətənin müdafiəsi uğrunda son damla qanınadək döyüşdü.
Müəllif Vüqarın döyüş yolu barədə yazır:  “... əyninə əsgər paltarını geyəndən, əlinə silah alandan Ağdamın Naxçıvanik kəndinin keşiyini çəkdi. Döyüş yoldaşları ilə birgə düşmənin kəndə bir addım belə atmasına yol vermədi. Yastığı səngər, yorğanı sinəsinə basıb qoruduğu avtomat silahı oldu. Döyüşdə olduğu qısa müddətdə bu avtomatla neçə-neçə erməni dığasının axırına çıxmışdı. Adı kimi vüqarlı, şir ürəkli bu gənc qorxu bilmədən həmişə döyüşə atılardı”.

27 iyun 1992-ci il. Ağdamın Aranzəmin kəndi uğrunda gedən döyüşlər daha da şiddətlənmişdi. Kəndi müxtəlif çaplı silahlardan aramsız atəşə tutan daşnak qüvvələri, buranı ələ keçirmək üçün geniş hücuma keçmişdilər. Vüqar kəndin müdafiəsində dayanan əsgərlərimizlə birgə düşmənə qarşı mərdliklə vuruşaraq, onların məkrli niyyətlərini gözlərində qoyurdu. O, bu döyüşdə əsl mərdlik və qəhrəmanlıq nümunələri göstərdi. Həmin savaşda düşmən Vüqarın, eləcə də yoldaşlarının müqavimətini qıra bilmədi. Lakin bu, onun son mübarizəsi oldu...
Vətənin müdafiəsi uğrunda şəhid olan igid döyüşçümüz Vüqar Niftullayev doğma Şəhriyar kəndində dəfn edilmişdir.