Sıravi Rəvayət Ağarza oğlu İsmayılov 1974-cü il dekabrın 12-də İmişli rayonunun Mirili kəndində dünyaya göz açıb. Orta təhsilini 1982-1992-ci illərdə böyüyüb boya-başa çatdığı Mirili kənd orta məktəbində alıb.
R.İsmayılovun məzun olduğu 1992-ci il Azərbaycanda ən ağır bir dövrə, qanlı-qadalı müharibə illərinə təsadüf edir. Rəvayət insan həyatının ən şirin anları olan yeniyetməlik və gənclik çağlarını qəm-qüssə, kədər içində yaşayırdı. Bəşər aləminin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı, Şuşa və Laçının işğalı, doğma yurdunu və yaxınlarını itirən

insanların fəryadı... və bir sözlə bitib tükənməyən erməni vəhşiliyi vətənpərvər gəncin qəlbini didib-parçalayırdı.
11 dekabr 1992-ci il. Rəvayətin 18 yaşının bitməsinə hələ bir gün qalırdı. İmişli RHK tərəfindən hərbi xidmətə çağırış vərəqəsi gələndə isə onun sevincinin həddi-hüdudu yox idi. Vətənin keşiyində durmaq, mənfur düşməndən intiqam almaq kimi çoxdan bəri gözlədiyi məqam artıq gəlib çatmışdır. Rəvayət hərbi komissarlıq tərəfindən göndərilən “çağırış vərəqəsi”ni bu baxımdan ad gününə edilmiş ən böyük “hədiyyə” kimi qiymətləndirmişdi. Məhz buna görə də o, hərbi xidmətə böyük həvəslə yollandı...       

Daxili Qoşunların 25033 saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu olan R.İsmayılov Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Rəvayət qısa bir müddətdə vətənpərvərliyi, cəsarəti və qorxmazlığı ilə komandirlərinin və əsgər yoldaşlarının etimadını qazanmağa müvəffəq olur.

Sıravi R.İsmayılovun Ağdərədən başlayan döyüş yolu, məhz bu rayonun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı da sona bitir.

7 fevral 1993-cü il. Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüş sıravi R.İsmayılovun son döyüşü oldu... Bu döyüşdə son damla qanınadək vuruşaraq neçə-neçə düşmən yaraqlısını məhv edən cəsur silahdaşımız, Vətən yolunda öz canını belə əsirgəmədi...   

Məlumat üçün qeyd edək ki, şəhid R.İsmayılovun həyat və döyüş yolu haqqında qısa məlumatlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının (http://seferberlik.gov.az) “İMİŞLİ/Şəhidlərimiz” bölməsində rast gəlmək olar. Sayıtda Rəvayətin 07.02.1993-cü il tarixdə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşdə həlak olması, həmçinin İmişli rayonundakı Şəhidlər Xiyabanında dəfn edilməsi qeyd olunub.   

Bir zamanlar təhsil aldığı doğma Mirili kənd orta məktəbinə şəhid R.İsmayılovun  adı verilmiş və büstü qoyulmuşdur.

Rəvayət kimi oğullarımızın həyat və döyüş yolu, bu gün yetişməkdə olan Azərbaycan gəncliyi üçün əsl örnəkdir. Təsadüfü deyil ki, Mirili kənd orta məktəbinə ilk qədəmlərini basan şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi də məhz cəsur döyüşçünün şərəfli ömür yolunun öyrənilməsi ilə başlayır...