Belə qəhrəmanlardan biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid İlham Bəhram oğlu Hüseynovdur.
Sıravi İlham Hüseynov 1973-cü il dekabrın 9-da Gəncə şəhərində anadan olub. Hələ uşaq yaşlarından halal zəhmətə alışan İlham, gələcəkdə çörək pulunu qazanmaq üçün mükəmməl bir peşəyə sahib olmağı da düşünürdü. Nizami yurdunda böyüyüb boya-başa çatan İlham, dahi şairin sözlərini həmişə tez-tez yada salardı: “Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Bu baxımdan o, gələcək peşəsini də seçmişdir – elektrik olmaq. İlham düşünürdü ki, istəmədiyi ixtisas üzrə ali təhsil dalınca qaçmaqdansa, sevdiyi peşə ilə məşğul olaraq xalqına xeyir vermək daha məqsədə uyğundur. Beləliklə o, əvvəlcə energetik, sonra isə bu ixtisasa bağlı olan televizor ustası peşəsinə yiyələnir. Hətta İlham bir müddət, yəni hərbi xidmətə çağırılanadək Gəncədə fəaliyyət göstərən Xalça-mahud kombinatında elektrik ustası vəzifəsində də çalışır.                          
Lakin respublikamızın səmasını bürüyən “qara buludlar” digər qeyrətli gənclərimiz kimi, İlhamı da hədsiz narahat edirdi.

Budur! Nəhayət, İlhamın düşmənə hədsiz nifrət bəslədiyi bir dövrdə, həsrətlə gözlədiyi an – “qisas anı” gəlib çatır. Vətənimizin ən dar günündə - 1992-ci il fevralın 26-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən onu  hərbi xidmətə çağırırlar. Məhz bu tarixdə erməni faşistləri bəşəriyyətin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törətmişdilər. Bu isə, İlhamın düşmənə olan sonsuz qəzəb və nifrətini daha da alovlandırırdı.      
İlham Hüseynov bir qədər sonra Daxili Qoşunların sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Qoşunların cəsur əsgəri kimi ilk döyüş yoluna Ağdərənin müdafiəsi ilə başlayır.  
Sıravi İ.Hüseynovun həyat və döyüş yolu barədə görkəmli ziyalımız Əhməd İsayevin 2005-ci ildə Bakıda nəşr olunmuş “Gəncə şəhidləri” kitabında da qısa məlumat verilmişdir. Müəllif kitabında İlhamın Gəncə şəhər milis batalyonunda xidmət etdiyini vurğulayır. (Məlumat üçün qeyd edək ki, daxili işlər nazirinin 30 iyun 1992-ci il tarixli müvafiq əmri ilə Daxili Qoşunların Baş İdarəsinə bağlı olaraq yaradılmış polis alayı (5477 saylı hərbi hissə) Gəncə şəhərində yerləşdirilmişdir). Kitabda həmçinin igid döyüşçünün sonralar Marquşevan, Kəlbəcər və Murovdağ istiqamətində gedən döyüşlərdə də iştirak etdiyi qeyd edilmişdir.

19 iyul 1992-ci il.  Ağdərənin Aterk kəndi uğrunda gedən qanlı döyüşlər İlhamın son döyüşü olur. Bu döyüşlərdə ağır yaralanan igid hərbi qulluqçumuz gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəlir.

Sıravi İlham Hüseynov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.