Şəhid Fuad Məmməd oğlu Məmmədov 1974-cü il iyun ayının 16-da Göyçay rayonunun Yeniarx kəndində dünyaya göz açıb. Səkkizinci sinfi rayonun Xəlitli kəndində başa vuran Fuad, 1990-cı ildə təhsilini 58 saylı Texniki Peşə Məktəbində açılmış ticarət kursunda davam etdirmişdir. Onun təhsil aldığı illər respublikamızın ən təlatümlü dövrlərinə təsadüf edir. Azğınlaşmış erməni quldurlarının yenidən torpaqlarımıza qarşı ərazi iddiaları, bunun nəticəsində neçə-neçə qədim yurd yerlərimizin işğal olunması, vətəndaşlarımızın soyqırıma məruz qalması və s. ölkədə acınacaqlı vəziyyət yaratmışdı. Bütün bunlar isə hər bir azərbaycanlı kimi F.Məmmədovun da qəlbində Vətən sevgisini coşdurmuş, düşmənə olan nifrət hissini daha da alovlandırmışdı.      

1992-ci il iyulun 22-də Fuad Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılanda, o bu anı düşməndən qisas almaq üçün şansın yaranması kimi qəbul edərək doğma Vətəninin əsgəri kimi xidmətə yollandı.

Və beləliklə, F.Məmmədov Daxili Qoşunların 17072 saylı hərbi hissəsində xidmətə başladı. Çox keçmir ki, Fuad Tərtər bölgəsinə ezam olunur. Elə ilk günlərdən düşmənə hədsiz nifrət hissi ilə gedən ağır döyüşlərə atılır.  
Sıravi F.Məmmədovun həyat və döyüş yolu barədə görkəmli ziyalımız Əkbər Əlioğlunun 1995-ci ildə Bakıda nəşr olunmuş və Göyçay şəhidlərindən bəhs edən “Ruhların səsi” adlı kitabda maraqlı məlumatlar verilmişdir. Müəllif şəhidlə bağlı yazısında Fuadın mərdliyi və qorxmazlığı sayəsində yoldaşları arasında böyük nüfuz qazandığını və onun Ağdərə rayon mərkəzinin, həmçinin Çıldıran və digər kəndlərin alınmasında yaxından iştirak etdiyini qeyd edir: “Fuad həm avtomatdan, həm də qumbaraatandan bacarıqla istifadə edirdi. Yaxşı keyfiyyətinə və döyüş qabiliyyətinə görə komandiri Ənvər (Azərbaycanın Milli Qəhrəmanı kapitan Ənvər Arazov nəzərdə tutulur. – A.Ə.) Fuaddan həmişə razılıq edirdi”.

Müəllif daha sonra şəhidin ailə üzvləri ilə görüşü zamanı Fuad barədə söylədikləri qəlbgöynədən xatirələrindən bəhs edir:  “İgid döyüşçü arada bir evə gələr, ata-anası, bacı-qardaşı, dostları ilə görüşərdi. Fuad ailənin son beşiyi və sevimlisi idi. Şən hərəkətləri ilə evdəkiləri əyləndirərdi...”.

Sıravi F.Məmmədovun döyüş yolu qısa olsa da, lakin qəhrəmanlıqlarla zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhf etməklə, mənfur niyyətlərini gözlərində qoymuşdur.
15 noyabr 1992-ci il. Fuad Ağdərə rayonunun Çıldıran kəndi uğrunda aparılan qanlı döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək, gözlərini əbədi yumdu... Şəhidlik zirvəsinə yüksəldi…
İgid döyüşçünün məzarı Göyçay şəhərindəki Şəhidlər Xiyabanındadır.