Dağın da dağ boyda dərdi var deyiblər. Elə 20 ildən çox düşmən əsirliyində qalan Fərrux dağı kimi...   
Hər il baharın gəlişi ilə yaşıl yamacları lalələrdən qırmızı rəngə boyanardı Fərrux dağının. Sanki bundan zövq alırmış kimi, hər il yazın gəlişini səbirsizliklə gözləyərdi... 1992-ci ilin baharında zirvəsini qara buludlar dolaşmağa başlayanda isə, yamaclarını duman-çən yox, sanki dərd-qəm bürümüşdü. Dağ döşü qırmızı rəngə boyansa da, lalələr gözə dəymirdi... Çünki, Fərrux dağının yamaclarını şəhidlərimizin müqəddəs torpaqlarımız uğrunda axan qanları boyamışdı...

Daxili Qoşunların tarixində Fərrux dağı istiqamətində gedən döyüşlər diqqəti daha çox cəlb edir. Qoşunların yüzlərlə hərbi qulluqçusu məhz bu strateji yüksəkliyin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Belə şəhid hərbi qulluqçularımızdan biri də, sıravi Cənnət Nuruşovdur...     

Sıravi Cənnət Dəmir oğlu Nuruşov 1973-cü il iyun ayının 4-də respublikamızda qəhrəmanlar yurdu kimi şöhrət qazanmış Qaçaq Nəbi elində - Qubadlı rayonunun Başarat kəndində dünyaya göz açıb. Dəmir kişinin və Gilanar ananın tərbiyə edib böyütdüyü dörd övladdan (Üç qardaş, bir bacı idilər. Qardaşı Bəhruz Nuruşov mülki Qarabağ əlilidir – A.Ə.) biri və eyni zamanda ailənin böyük uşağı idi.        

1980-cı ildə digər həmyaşıdları kimi, Cənnət də əlinə çanta götürüb, doğma kəndlərində yerləşən orta məktəbin 1-ci sinifinə gedib. 1990-cı ildə orta məktəbin 10-cu sinfini başa vuran Cənnət, sənədlərini Sumqayıt şəhər Politexnik texnikumuna verib və qəbul olub. Oxumağa, yazmağa böyük maraq göstərərdi. Təhsilini gələcəkdə də davam etdirmək, hələ uşaq yaşlarından onun ən böyük arzusu idi. Məhz buna görə də dərslərinə xüsusi fikir verirdi.

Cənnətin qohum-qonşuları, həmkəndliləri indi də onu ciddi, tərbiyəli bir insan kimi xatırlayır və Vətənimizin şəhid övladı ilə fəxr edirlər.

Onunla vaxtı ilə bir məktəbdə təhsil almış həmkəndlisi, hazırda isə Qubadlı Rayon İcra Hakimiyyətinin Başarat kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən Nəriman müəllim cəsur döyüşçümüz haqqında xatirələrini bizimlə bölüşərkən bunları dedi:

“... Mən ondan iki sinif aşağı oxumağıma və aradan xeyli müddət keçməsinə baxmayaraq, Cənnət elə indi də xatirimdədir. Məktəbimizdə hamı onu tərbiyəli və çalışqan şagird kimi tanıyardı. Təbiətən sakit və ciddi bir insan idi. Buna görə də o, həm müəllimlərin, həm də şagirdlərin sevimlisi idi. Bu gün isə Başarat camaatı C.Nuruşovu eyni zamanda kəndimizin şəhidi, Vətənimizin qəhrəman oğlu kimi xatırlayır və onunla qürur duyurlar...”.
1992-ci ildə C.Nuruşov Qubadlı RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.  Texnikumda təhsilini müvəffəqiyyətlə başa vuran Cənnət, bu çağırışa böyük həvəslə səs verərək Ana Vətənimizin müdafiəsinə yollanıb...
C.Nuruşov hərbi xidmətə, yəni Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin sıravi döyüşçüsü kimi başlayıb. Xarakterindəki müsbət keyfiyyətlərinə görə Cənnət tez bir zamanda hərbi kollektivin hörmət və etibarını qazanmağa müvəffəq olub. İgid döyüşçü Ağdamın Manikli kəndinin müdafiəsində və Fərrux dağının azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Elə Cənnətin son döyüşü də Fərrux dağının azad edilməsi uğrunda oldu...

Haşiyə: Fərrux Ağdam rayonu ilə Əsgərən rayonunun (Xankəndi istiqamətində) arasında yerləşən böyük bir dağdır. Dağın ətəyində isə, eyni adlı balaca bir kənd yerləşir. Bu kənd və yüksəklik tarixən xüsusi strateji əhəmiyyətə malik bir yer olub. Hələ o zaman, 1905 və 1918-ci illərdə Qarabağda baş verən erməni-müsəlman davasında Fərruxu almaq daşnaklara nəsib olmayıb. Ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmış və buranı Qarabağın “qızıl açarı” adlandırırdılar.

1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan və xarici ölkələrdən gəlmiş erməni yaraqlıları Cinli, Yetim Cinli, Əlimədədli, eləcə də digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar...

7 mart 1993-cü il. Fərrux dağının azad edilməsi uğrunda qanlı döyüşlər gedirdi.  Bu yüksəkliyin azad edilməsi, sıravi C.Nuruşovun xidmət etdiyi hissənin qarşısına qoyulmuş ən mühüm tapşırıqlardan biri idi. Cənnətin son döyüşü də elə məhz bu tarixdə oldu...

Silahdaşları kimi, Cənnət də Fərruxda yuva salmış daşnak qüvvələrini məhv edəcəyinə və bu yolda son damla qanınadək vuruşacağına and içmişdi... Əsl sərkərdə kimi vuruşaraq, neçə-neçə erməni cəlladını məhv edən cəsur döyüşçünün Vətən sevgisi ilə döyünən ürəyi düşmən snayperinə tuş gəldi. Cənnət andına sadiq qalaraq Fərrux dağının yamaclarında əbədiyyətə qovuşsa da, lakin daha yüksək zirvəni - Şəhidlik zirvəsini fəth edə bildi...     
Vətənin şəhid oğlu sıravi Cənnət Nuruşov, 1993-cü il martın 9-da doğma Başarat kəndində dəfn edilib.
Məlumat üçün qeyd edim ki, Cənnətin həyat və döyüş yolu barədə rayonun görkəmli ziyalısı Tariyel Cahangirovun Qubadlı şəhidlərindən bəhs edən və 1998-ci ildə Bakıda, “Günəş” nəşriyyatında işıq üzü görən “Vətən oğul istəyəndə” adlı kitabında qısa məlumat verilib.