“NƏ QƏDƏR Kİ, CANIMDA CAN VAR,
QORUYACAM VƏTƏNİMİZİ!”  

 Sıravi Kərimov Rövşən Ağabba oğlu 1973-cü il aprelin 3-də Göyçay rayonunun Bəydövül kəndində dünyaya göz açmışdır. Ağabba kişinin və Şura ananın böyüdüb boya-başa çatdırdığı dörd övladdan (Rəxşəndə, Zemfira, Rövşən və Elşən) biri və eyni zamanda ailənin üçüncü övladı idi. Bir müddət sonra kərimovlar ailəsi Sumqayıta köçdüyündən, Rövşən burada böyüyüb boya-başa çatmış və səkkizillik təhsilini də 1980-1988-ci illərdə şəhərdəki 24 və 28 saylı orta məktəblərdə almışdır. Uşaq yaşlarından şerə, ədəbiyyata böyük maraq göstərib. Yaxşı təhsil almaqla yanaşı, həm də gözəl şerlər yazmışdır. 1988-1991-ci illərdə doğma şəhərdəki 7 saylı texniki peşə məktəbində təhsilini davam etdirərək, “qaynaqçı” peşəsinə yiyələnib. Rövşən hərbi xidmətə çağırılana qədər sevimli peşəsi üzrə “Qafqazelektromontaj” idarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur.

İgid silahdaşımızın qardaşı Elşən Kərimov onun istedadlı və intizamlı şagird olduğu üçün hər kəs tərəfindən sevildiyini deyir: “... Rövşən məndən bir yaş böyük idi. Uşaqlıqdan mehriban, deyib-gülən, eyni zamanda çalışqan şagird olduğu üçün  qohum-qonşular və məktəb müəllimləri onun xətrini çox istəyirdi...

Olduqca vətənpərvər, qorxubilməz bir gənc idi. Rövşən kimi Vətənini sevən gənclərimizlə ancaq qürür duymaq olar. Bu səbəbdən də övladıma Rövşənin adını qoymuşam”.

Elşən bir müddət söhbətinə ara verərək, keçmiş sovet ordusunun Sumqayıtda yeləşən hərbi hissəsində xidmət edən və əslən Özbəkistandan olan əsgərlərlə birgə çəkdirdikləri fotoşəklə baxaraq (şəkildə Rövşən öndə, sovet əsgərlərinin arasında əyləşib – A.Ə.), uşaqlıq xatirələrini yenidən dilə gətirir: “... Bu Rövşənin tez-tez baxdığı ən sevimli şəkillərindən biri idi. O, bu şəklə baxıb: “Mən də əsgər olacam. Vətənimizi qoruyacam” - deyirdi...”.

1992-ci ilin aprel ayında Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Rövşən, Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Bir qədər sonra isə Ağdam və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə fəal iştirak edir.

 Sıravi R.Kərimov sonralar qoşunlarda ştat dəyişikliyi ilə əlaqədar olaraq, hissə və bölmələrin yenidən komplektləşdirilməsi nəticəsində xidmətini Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində davam etdirmişdir.

İgid döyüşçünün anası Şura xala övladının hərbi xidmətə getməsi ərəfəsində onunla bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi: “Bir gün Rövşən gəlib dedi ki, Ana mən gedirəm Vətəni qorumağa. Hərbi xidmətdən qayıtdıqdan sonra, təhsilimi davam etdirəcəm. Diplomatı vardı. İçinə çoxlu kitablar yığmışdı. Deyirdi ki, ana mən oxuyacam. Amma öncə Vətəni qorumaq lazımdı. Haçan olsa, oxumaq olar. Çoxlu şerləri vardı. Sonuncu dəfə “Ana məni bağışla” adlı şeir yazmışdı...”.

Çox təəssüflər olsun ki, Rövşənin qələmə aldığı bir çox şeirlərdən yalnız “Ana məni bağışla…” şeirinin “Sumqayıt” qəzetinin 02 oktyabr 1993-cü il tarixli sayında dərc edilmiş bir bəndi yadigar qalıb:

 
Bilirsən dərdimi özümdən artıq,
Rövşənəm olmuşam Kərəmtək yanıq.
Qəlbini kövrəltsə zalım ayrılıq,
Məni ürəyində qınama Ana!
 
Şura xala sözünə bir qədər ara verib, yenidən Rövşənlə bağlı xatirələrini dilə gətirir: “...Qabaqlar tez-tez yuxuma girərdi. İndi isə görmürəm. “Qorxmayın! Nə qədər ki, canımda can var, qoruyacam Vətənimizi” – deyərdi. Həmişə də; “kişi Vətəni qoruyar! Kişi gizlənməz!” – deyərdi...
 
Yaraşıqlı, göyçək oğlan idi. Atası Rövşənin dərdinə dözə bilmədi. Elə  “Rövşən...” -  deyərək də dünyasını dəyişdi...”.
 
Vaxtı ilə birgə xidmət etdiyi silahdaşları onu nizam-intizamlı və nümunəvi hərbi qulluqçu kimi bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. O dövrdə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsinin komandiri olmuş polkovnik Çingiz Daşdəmirovun qəhrəman döyüşçü haqqında söylədiyi xatirələrindən də bunu görmək olar: “Rövşəni çox yaxşı tanıyırdım. O, döyüş meydanlarında düşmənə layiq olduğu cavabı verməyi bacaran əsl qəhrəman idi. Qarabağda erməni işğalçılarına qarşı aparılan bir sıra əməliyyatlarda fəal iştirak etmişdi...
 
O zamanlar ölkə daxilində sabitliyin tez-tez pozulması şəraitində Bakı və Sumqayıtda yerləşən hərbi hissələr tərəfindən şəhərlərdə komendant postları təşkil edilməklə, ictimai vəziyyət nəzarətdə saxlanılırdı. Bu postlarda xidmətə cəlb olunan hərbi qulluqçular öz vəzifə borclarını şərəflə yerinə yetirir, silahlı dəstələrin tərksilah olunmasında fəal iştirak edirdilər. Sıravi R.Kərimov da məhz belə hərbi qulluqçulardan idi. Ümumiyyətlə, Rövşən hərbi hissədə nizam-intizamlı və fəal hərbi qulluqçu kimi böyük hörmət qazanmışdı. Onun yaxşı əl qabiliyyəti və şairlik məharəti də vardı. Xidmət etdiyi bölükdə divar qəzetlərinin tərtibatında yaxından iştirak edərdi. Tərtib etdiyi və şəxsi heyətin döyüş ruhunu yüksəldən divar qəzetlərindən də onun əsl vətənpərvər olduğu sezilirdi...”.
 
23.09.1993-cü il. Cəsur silahdaşımız ömrünün payız çağında xidməti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak oldu. Sıravi R.Kərimov Vətən uğrunda əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldi...
 
Bu barədə görkəmli ziyalımız Tofiq Əliyevin 1998-ci ildə Sumqayıtda nəşr olunmuş “Sumqayıtın qan yaddaşı” adlı 1-ci kitabında maraqlı məlumatlar verilmişdir. Müəllif sözügedən kitabında Rövşənin Gəncə şəhərində hərbi qulluğa başladığını, Ağdərə rayonu uğrunda erməni faşistlərinə qarşı döyüşdüyünü və sonralar Sumqayıtdakı “N” saylı hərbi hissədə xidmətini davam etdirdiyini qeyd edir: “... Komandanlığın əmri ilə Rövşən Kərimovun qulluq etdiyi batalyon Sumqayıt şəhərinə gətirilmişdir.
 
1993-cü ilin payızında “sapı özümüzdən olan baltalar” Prezident Heydər Əliyevin əleyhinə qüvvələr toplayıb, dövlət çevrilişinə cəhd göstərmişlər. Bu vaxt gənc Rövşən Kərimov və onun silahdaşları suveren respublikamızı və onun Prezidenti H.Əliyevi müdafiəyə qalxmış, daxili düşmənlərə qarşı mərdliklə vuruşmuşlar”.
 
Müəllif həmçinin məqaləsində sıravi R.Kərimovun sentyabrın 23-də öz xidməti vəzifə borcunu yerinə yetirərkən “sapı özümüzdən olan baltalar” tərəfindən həlak olduğunu və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edildiyini bildirir.
 
Sıravi R.Kərimovun həyat və döyüş yolu barədə məlumatlara həmçinin “Sumqayıt” qəzetinin 02.10.1993-cü il tarixli sayında “Vətən sizi unutmayacaq” başlıqlı məqalədə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/8836.html) rast gəlmək olar.
 
Məlumat üçün qeyd edək ki, Daxili Qoşunların Arxivindən verilmiş müvafiq arayışda da sıravi R.Kərimovun 23.09.1993-cü il tarixdə kəskin qanitirmə nəticəsində həlak olduğu və Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 314-cü sıra nömrəsi ilə qeydə alındığı göstərilmişdir.
 
Rövşən kimi cəsur silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır. 
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
Kapitan    Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti