Vətəni canı qədər sevən igid oğul...

Vüqarın ən böyük arzularından biri də gələcəkdə ixtisaslı mexanizator kimi rayonun kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək idi...

 Vətənimizin ən ağır günlərində digər rayonlarımızda olduğu kimi, Zaqatalanın cəsur oğulları da silaha sarılaraq, erməni vandallarına qarşı döyüşə yollandılar. Bu müqəddəs amal uğrunda rayon sakinlərindən 130 nəfəri şəhid, onlarla zaqatalalı isə əlil olmuşdur. 
Zaqatalanın şəhidlik zirvəsinə yüksələn igid oğullarından 10 nəfəri məhz Daxili Qoşunların cəsur hərbi qulluqçuları idi. Onlardan biri də rayonun Bazar kəndinin vətənpərvər oğlu şəhid Vüqar Ağasiyevdir... 
 
Sıravi Vüqar Vaqif oğlu Ağasiyev 1972-ci il dekabr ayının 25-də Zaqatala rayonunun Bazar kəndində dünyaya göz açıb. Atası Vaqif kişinin (2004-cü ildə vəfat edib) və Sənəm ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 5 övladın (Qərənfil, Xumar (1995-ci ildə vəfat edib), Vüqar, Qazı və Aytən) biri, eyni zamanda ailənin sevimlisi idi Vüqar.
 
1988-cı ildə Bazar kənd səkkizillik (hazırda tam orta məktəb – A.Ə.), 1990-cı ildə isə Qımır kənd tam orta məktəbini bitirmişdir. Hələ uşaq yaşlarından kənd təsərrüfatına, xüsusən də heyvandarlığa böyük maraq göstərən Vüqar, rayonun Aşağı Tala kəndində  yerləşən 172 saylı peşə məktəbinə daxil olmuş və 1991-ci ilin iyunun 25-də bu təhsil ocağını “Əsaslı mexanikləşdirilmiş heyvandarlıq fermaları kompleksləri mexanizatoru” peşəsi üzrə tam kursu bitirmişdir. Atasının mexanizator peşəsi üzrə ixtisas təhsili alan və onun yolunu davam etdirmək əzmində olan Vüqarın ən böyük arzularından biri də məhz gələcəkdə mütəxəssis kimi rayonun kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək idi... 
İgid silahdaşımızın qardaşı Qazı Ağasiyev onun bacarıqlı, işgüzar və intizamlı şagird olduğu üçün hər kəs tərəfindən sevildiyini deyir: “... Vüqar məndən üç yaş böyük idi. Uşaqlıqdan sakit, mehriban, eyni zamanda çalışqan şagird olduğu üçün həm qohum-qonşular, həm də məktəbdə müəllim və şagird yoldaşları onun xətrini çox istəyirdi...
 
 Təsərrüfat işlərinə, xüsusən də heyvandarlıq sahəsinə böyük maraq göstərirdi. İşdən-gücdən heç zaman qaçmazdı. Olduqca zəhmətkeş bir insan idi... Seçdiyi ixtisas üzrə peşə təhsilini başa vuranda, Vüqarın sevincinin həddi-hüdudu yox idi... Çünki, onun gələcək peşə fəaliyyəti ilə bağlı böyük arzuları vardı...
 
Olduqca vətənpərvər bir gənc idi. Vüqar kimi Vətənini, el-obasını sevən gənclərimizlə ancaq qürür duymaq olar. Bu səbəbdən də qardaşım Vüqarla ancaq fəxr edir, onunla qürur duyuram...”.
 
1992-ci il mart ayının 5-də gənc Vüqar Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O, qəlbində Vətən sevgisi və düşmənə olan böyük nifrət hissi ilə doğma yurdumuzun müdafiəsinə yollanır...
 
Bir müddət sonra, V.Ağasiyev Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Burada təxminən bir aylıq təlim keçdikdən sonra, xidmətini davam etdirmək üçün Ağdam rayonuna-döyüş bölgəsinə göndərilir. O, burada Daxili Qoşunların ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş cəsur döyüşçüsü, baş leytenant Fəxrəddin Nəcəfovun komandiri olduğu bölüyün tərkibində Ağdam və Ağdərə rayonları ərazisindəki Qalayçılar, Papravənd, Canyataq, Gülyataq, Mehmanə, Çıldıran, Sırxavənd və Qazançı kəndlərinin, eləcə də bir sıra yüksəkliklərin müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında yaxından iştirak edərək, onlarla erməni yaraqlısını məhv edir... 
 
1 noyabr 1992-ci il. Ağdərə rayonunun Qazançı kəndi ətrafında gedən şiddətli döyüşlər sıravi V.Ağasiyevin son döyüşü olur... Düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində cəsur döyüşçümüz əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...
 
Vətən uğrunda canını qurban verən sıravi Vüqar Ağasiyev doğma Bazar kənd qəbristanlığında dəfn olunub. Vaxtı ilə ilk təhsil aldığı Zaqatala rayonu, Bazar kənd tam orta məktəbinə Daxili Qoşunların igid döyüşçüsü, şəhid Vüqar Vaqif oğlu Ağasiyevin adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamı ilə əsgər Vüqar Ağasiyev dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,  döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. (Medal 17.03.2017-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsində təşkil olunmuş təntənəli mərasim zamanı Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov tərəfindən şəhidin anasına təqdim olunmuşdur). 
Xeyli müddət keçməsinə baxmayaraq, Vüqarın döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə qeyd edirlər.
 
Vaxtı ilə igid döyüşçü ilə birgə xidmət etmiş, hazırda Daxili Qoşunların veteranları olan Balakən rayonu, Hənifə kənd sakini Abdullayev Mehman Ramazan oğlunun (Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb – A.Ə.) və Ağdaş rayonu, Hapıtlı kənd sakini Əliyev Əflatun Əssan oğlunun onun haqqında qürur hissi ilə söylədikləri ümumi fikirlər də bunu təsdiq edir: “... Vüqarla eyni gündə hərbi xidmətə çağırılmışıq. Cəbhəyə də eyni gündə yollanmışdıq. Sumqayıtda yerləşən hərbi hissəmizdə təxminən 25 gün təlim keçdikdən sonra, gecə ikən 150 nəfərədək şəxsi heyəti olan taborumuz həyəcan siqnalı ilə qaldırılaraq, Ağdamın Qalayçılar kəndinə gətirildi. Təxminən bir həftə-on gün Qalayçılarda qaldıq. Bu müddətdə bizim posta 50-60 nəfərlik erməni daşnakı hücuma keçmişdi. Əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmən xeyli itki verərək, geri çəkilməyə məcbur oldu. Sonralar Vüqarla birgə Ağdam və Ağdərə rayonlarının bir sıra kənd və yüksəklikləri uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak etmişik.  Bu əməliyyatlar zamanı Vüqar onlarla erməni yaraqlısını məhv edərək, əsl hərbiçi kimi fərqlənmişdi...
 
Vüqar Vətənini, Xalqını qəlbən sevən əsl döyüşçü, əsl vətənpərvər insan idi... Gözündə qətiyyən qorxu hissi yox idi. Xarakter baxımından mərd, qətiyyətli və intizamlı əsgər idi. Bununla yanaşı, olduqca mehriban, xoş xasiyyəti vardı. Bu müsbət xüsusiyyətlərinə görə Vüqar bütün kollektiv arasında böyük nüfuz və hörmət qazanmışdı...”.
 
Məlumat üçün qeyd edək ki, şəhid V.Ağasiyevin həyat və döyüş yolundan bəhs edən yazılara H.İsmayılov və E.Malıyevin müəllifi olduqları “Zaqatala şəhidləri”  kitabında, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/11001.html) rast gəlmək olar.
 
Bundan əlavə, V.Ağasiyevin adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 234-cü sıra nömrəsi ilə qeydə alınması və 67987 saylı hərbi hissənin sıravi döyüşçüsü kimi 01.11.1992-ci il tarixdə Ağdərədə  gedən döyüşlər zamanı həlak olması göstərilib.
 
Vüqar kimi mərd, cəsur silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəf və ləyaqətlə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycanın Silahlı Qüvvələri işğal altında olan müqəddəs torpaqlarımızı yağı düşməndən azad etməyə hər zaman hazırdır. 
 
Allah şəhidlərimizə rəhmət eləsin! 
 
Kapitan   Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti