Əsgər Ruslan Muradov

27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.

Döyüşlərdə iştirakı

Papravənd kəndinə gəldiyi gündən buradakı qızğın döyüş əməliyyatlarında iştirak edir. Kənd erməni işğalçılarından azad edilir. Ruslan bütün əməliyyatlarda canfəşanlıq edirdi. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən nəzarətində olan əraziyə düşmüşdü. Təyyarədəki yaralıları xilas etmək üçün əməliyyata başlanılır. Aparılan axtarışlar nəticə verir. Bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.

Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

 

 ÖLMƏZ QƏHRƏMAN…

  

Baş verən tarixi hadisələrdən bəziləri müəyyən dövrdən sonra yaddan çıxır. Lakin tarixdə elə hadisələr  olur ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanları işıqlı bir zirvəyə doğru aparır. Həmin zirvə şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətəni, milləti naminə şüurlu surətdə canlarını fəda edən insanlardır. Onlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sonsuz sevgi yaşadanlardır.

Azərbaycan xalqı hər zaman öz oğulları, şəhidləri ilə fəxr edib, qürur duyub. Onlardan biri də Milli Qəhrəman Ruslan Həmid oğlu Muradovdur. O, 1973-cü ilin iyun ayının 27-də Mingəçevir şəhərində dünyaya göz açıb. 1990-cı ildə 10 saylı orta məktəbi bitirib. Hələ gənc yaşlarından vətənpərvərlik ruhunda böyüyən Ruslan məktəbdə oxuduğu illərdə də ən çox hərbi hazırlıq fənninə üstünlük verib. Bütün silah-sursatların xüsusiyyətlərini öyrənməyə can atıb. Sanki hələ o vaxtdan həyatının cəbhə ilə sıx bağlı olacağını hiss edirdi.

Erməni quldurlarının torpaqlarımıza qarşı təcavüzü, soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşməsi hər saniyə Ruslanda düşmənə nifrət yaradırdı. O, hər zaman intiqam almaq hissi ilə yaşayırdı... Nəhayət, Ruslanın gözlədiyi gün gəlib çatdı. 1992-ci il yanvar ayının  22-də Mingəçevir hərbi komissarlığından hərbi xidmətə çağırılarkən bir an olsun tərəddüd etmədi. Bu tarix onu əbədilik zirvəsinə aparan yolun başlanğıcı idi.

Ruslanın döyüş yolu Qarabağın ən qanlı bölgələrindən başladı. Arxa cəbhədə bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Kəndin işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir. Öz cəsarəti, qorxmazlığı ilə düşmənin canına vəlvələ salır. Ruslan iştirak etdiyi döyüşlərdə dəfələrlə silahdaşlarını ağır vəziyyətlərdən çıxarmağa da müvəffəq olub. Bir dəfə döyüşçülərimizin olduğu hərbi təyyarə vurulmuş və erməni işğalı altındakı kəndlərdən birinin ərazisinə düşmüşdü. Düşmən tərəfindən əsir götürülmüş döyüşçülərimizi xilas etmək üçün başlanan genişmiqyaslı əməliyyatda Ruslan öz rəşadəti, qəhrəmanlığı ilə bütün yoldaşlarına əsl nümunə olmuş, misilsiz şücaət göstərmişdi.

1992-ci ilin avqust ayının 22-də isə Ağdam rayonunun Gültayaq kəndi uğrunda gedən döyüşlərdə düşmən ordusunun texnikasını, canlı qüvvəsini məhv edir. Lakin bu döyüş təəssüf ki, onun cəbhədəki son döyüşü olur. Ruslan Muradovun məzarı Mingəçevir şəhərinin Şəhidlər Xiyabanındadır. Mingəçevirdəki 15 saylı orta məktəb şəhidimizin adını daşıyır.

Cəbhədə cəmi 7 ay döyüşməsinə baxmayaraq, Ruslan igidliyi, cəsarəti ilə silahdaşlarının dərin rəğbətini, sevgisini qazanmışdı. Hər zaman onları qələbəyə ruhlandırır, hər söhbətində torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına inamını ifadə edirdi. Böyük qələbə gününü yaşamaq Ruslana nəsib olmasa da, onun kimi minlərlə cəsur hərbçilərimizin varlığı Azərbaycanın istənilən vaxt öz torpaqlarını azad etməyə hazır olduğuna əsaslı sübutdur.

Əsgər qazeti № 11, 15 iyun 2014-cü il.